Musiqi incəsənətin həyati gerçəklikləri səslər vasitəsilə təsvir edən sahəsidir. Fortepiano ifaçılığı isə digər ifaçılıq sənəti kimi musiqinin xüsusi istedad tələb edən sahələrindən biridir. İfaçılıq dinləyici diqqətini emosional musiqi obrazlarına cəlb edir. Belə qabiliyyətlər ifa məharəti ilə müəyyən olunur. Musiqiyə böyük həssaslıqla emosional reaksiya vermək, bu və ya başqa əsəri hər dəfə ifa edərkən onu yenidən yaratmaq və yaşatmaq ifaçının özünəməxsus imkanı deməkdir. Buna görə də ifaçılar musiqi əsərlərinin ikinci yaradıcıları hesab edilirlər.
Fortepianoda ifaçılıq tədrisi metodikası fortepiano alətində yüksək səviyyəli ifaçılığın mənimsənilməsində mühüm rol oynayan əsas profildir. Bu kurs ifaçılıqda nəzəri və təcrübi əsasları özündə birləşdirir.
Məlum olduğu kimi, Azərbaycanda musiqi təhsili üçpilləli (musiqi məktəbləri, kollec, ali məktəb) sistemə əsaslanır. Bu istiqamətdə fəaliyyət göstərən təhsil müəssisələri meydana gələn ilk illərdən etibarən orta və ali səviyyədə ifaçılıq peşəkarlığına yiyələnmək üçün materialları özündə əks etdirən metodikanın formalaşdırılması zəruriyyəti yaranmışdır.
Təqdim olunan metodiki vəsait fortepiano alətində ifaçılıq suallarına aydınlıq gətirir. Fortepianoda ifaçılıq metodikası təhsil alanlara musiqi məktəbləri, kollec və daha sonra ali məktəblərdə ardıcıl olaraq öyrədilir ki, bu da təhsilin sistematik xarakter almasını təmin edir. Bu zaman metodiki göstərişləri özündə birləşdirən yazılı materialların hazırlanması problemi ortaya çıxır. Buna görə də uzun illər müxtəlif nəşriyyatlar tərəfindən müxtəlif müəlliflərin çox sayda metodiki ədəbiyyatı nəşr olunmuş, bütün bunlar da mühazirə materiallarının redaktə olunması və öyrənilməsi vacibliyini diktə etmişdir. Belə ki, fortepianoda ifaçılıq metodikası haqqında A.D.Alekseyev, L.A.Barenboym, A.P.Şapov, E.Liberman və bir çox başqa müəlliflərin əsərləri mövcuddur. Lakin bu da nəzərə alınmalıdır ki, həmin ədəbiyyatlar professional səviyyədə ifaçıların yetişdirilməsi üçün nəzərdə tutulmuşdur. Hazırki vəsait isə daha geniş auditoriyaya xitab edərək, daha universal məsələ və problemlərin həllini özündə əks etdirir. Vəsaitin əsasını təhsildə inkişaf konsepsiyası təşkil edir.
Tələbələrin təhsil müddətində intensiv və hərtərəfli inkişafı müəyyən olunan aydın məqsəddir. Buna görə də musiqi ifaçılığı fənlərinin pedaqoji müəssisələrdə tədrisi əhəmiyyətli məsələlərdən biridir. Vəsaitdə ilk növbədə musiqini eşitmə qabiliyyəti, ritm hissi, yaddaş, texniki imkanlar, nəhayət tələbənin intellektual səviyyəsində xüsusi çəkisi olan musiqi təfəkkürünə xüsusi diqqət yetirilir.